13

Respublikanın ümumtəhsil məktəblərinin - derslik.edu.azderslik.edu.az/monitoring/level10/10 PDF/Biologiya_(variativ2)_10.pdf · enerji mübadiləsi”, “Orqanizmlərin çoxalması

  • Upload
    others

  • View
    24

  • Download
    0

Embed Size (px)

Citation preview

2

Respublikanın ümumtəhsil məktəblərinin

10-cu sinifləri üçün “Ümumi biologiya” dərsliyi

Müəlliflər: Məcnun Babayev

Əli Hüseynov

Nüşabə Məmmədova

Bakı: Çaşıoğlu, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər

əsasında hazırlanmış

YEKUN RƏY

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. Digər dərsliklə olan fərqlər baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı

əsasında hazırlanaraq “Giriş”, “Sitologiyanın əsasları”, “Hüceyrədə maddələr və

enerji mübadiləsi”, “Orqanizmlərin çoxalması və fərdi inkişafı”, “Yer üzərində

həyatın əmələ gəlməsi və inkişafı tarixi”, “Təkamül təlimi” fəsillərindən ibarət

olub, 39 mövzunu əhatə edir. Dərsliyin sonunda fənnin tədrisi üzrə hazırlanmış

“Proqram”, istifadə olunan “Ədəbiyyat siyahısı” və “Mündəricat” verilmişdir.

Tədris proqramında nəzərdə tutulan mövzular dərslikdə tam əhatə olunub,

proqramdankənar heç bir mövzu dərsliyə daxil edilməyib. Mövzular elmi-metodiki

baxımdan şagirdlərin yaş səviyyəsinə uyğun tərtib olunub. Dərslikdəki materiallar

fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir.

Dərslikdə müxtəlif şəkillərdən və cədvəllərdən istifadə olunması, hər mövzunun

sonunda sual və tapşırıqların verilməsi müsbət hal kimi qiymətləndirilir.

Bununla yanaşı, dərslikdə bir qismi tövsiyə xarakterli müəyyən qüsurlar var.

Bunlar aşağıdakılardır:

Səhifə 5-də “Alman alimi R. Virxov (1958) öyrəndi ki, orqanizmlər

hüceyrələrin bölünərək çoxalması nəticəsində böyüyür” cümləsi qüsurludur. Belə

ki, hüceyrələrin bölünərək çoxalmasını ilk dəfə R. Remak kəşf etmişdir. R. Virxov

isə onun nəticələrini mənimsəyərək öz adına yazmışdır. Ona görə də R. Virxovun adı

dərslikdən çıxarılmalıdır.

Yenə həmin səhifədə “Onlar müəyyən etdilər ki, bütün çoxhüceyrəli

orqanizmlər öz başlanğıcını mayalanmış yumurta hüceyrədən, yəni ziqotdan

götürür. K. Ber sübut etdi ki, hüceyrə canlıların yalnız quruluş vahidi deyildir, o

həm də bütün canlı orqanizmlərin inkişaf vahididir” fikri verilmişdir. Bu haqda

müxtəlif ziddiyyətli fikirlər olduğu üçün buna aydınlıq gətirilməsi tövsiyə edilir.

Səhifə 8-9-da “Plazmatik membran bitkilərdə hüceyrə qılafı, heyvanlarda

isə qlikokaliksin altında yerləşir və sitoplazma ilə bilavasitə hüdudlanır” cümləsi

4

“Plazmatik membran bitkilərdə, bakteriyalarda və göbələklərdə hüceyrə divarının,

heyvanlarda isə qlikokaliksin altında yerləşir və sitoplazma ilə bilavasitə hüdudlanır”

kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Bitki hüceyrələrindəki qılaf kimi qlikokaliks dayaq

rolunu oynamır” cümləsinin “Bitki hüceyrələrinin hüceyrə divarından fərqli olaraq

qlikokaliks dayaq rolunu oynamır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 9-da “Plazmatik membranda nazik kanallar olduğundan su, suda

həll olmuş duzların ionları, üzvi maddələr sitoplazmaya keçir. Sintez olunmuş

maddələr isə sitoplazmadan xaric olur. O, zədələnə və bərpa oluna bilir” fikrində

“O, zədələnə və bərpa oluna bilər” cümləsi aydın deyil. Burada plazmatik

membranın və ya onda yerləşən kanalların hansından söhbət getdiyi başa düşülmür.

Yenə həmin səhifədə “Lipid molekulları arasında zülallar yerləşir. Zülal

molekulları həm də, karbohidrat molekulları ilə birləşmiş olur” cümləsinin

“Bütün eukariot hüceyrələrinin xarici səthində karbohidratlar yerləşir. Onlar

membran zülalları (qlikoproteinlər) və az miqdarda lipidlərlə (qlikolipidlər)

birləşirlər” kimi verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə şəkil 4-də Plazmatik membranın quruluşunun sxemində

“plazmatik membranda lipidlərin qeyri-polyar çıxıntıları və qütblü lipidlərin

başcıqları” göstərilir. Burada, ya polyar və qeyri-polyar, ya da, qütblü və qeyri-

qütblü anlayışlarından istifadə olunmalıdır. Sxemdə lipidlərin qeyri-polyar çıxıntıları

və polyar başcıqlar göstərildiyindən, mətndə də bu haqda məlumatın verilməsi

tövsiyə edilir.

Səhifə 10-da “...yaranmış enerji hesabına baş verir” ifadəsi düzgün deyil.

Çünki enerji yaranmır və itmir, yalnız bir formadan digərinə çevrilir.

Yenə həmin səhifədə “Pinositoz faqositozdan fərqli olaraq bitki, heyvan,

göbələk və bakteriyaların hüceyrələrində baş verir” cümləsinin “Pinositoz

faqositozdan fərqli olaraq bitki, heyvan və göbələk hüceyrələrində baş verir” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 10-11-də “O, nüvə və digər orqanoidləri özündə birləşdirir, onların

qarşılıqlı əlaqəsini təmin edir, membranla orqanoidlər arasında fiziki-kimyəvi

və fermentativ əlaqəni təmin edir” cümləsində “fermentativ əlaqə” ifadəsi düzgün

deyil. Çünki fermentativ əlaqə olmur.

Səhifə 11-də “Ribosomların nəticəsində dənəvər endoplazmatik şəbəkədə

zülallar sintez olur. Hamar endoplazmatik şəbəkə membranlarında ribosomlar

5

olmur. Ona görə burada lipidlər və karbohidratlar sintez olunur” cümləsinin

“Ribosomların olması hesabına dənəvər endoplazmatik şəbəkədə zülallar sintez olur.

Hamar endoplazmatik şəbəkə membranlarında ribosomlar olmur. Ona görə burada

yalnız lipid və karbohidratlar sintez olunur” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Ribosomlar ən çox dənəvər endoplazmatik şəbəkənin

üzərində, müəyyən hissəsi isə sitoplazmada sərbəst olur” cümləsinin “Ribosomlar

sitoplazmada sərbəst şəkildə (tək-tək və ya qruplarla), dənəvər endoplazmatik

şəbəkənin və nüvənin membranları üzərində, həm də mitoxondri və plastidlərdə rast

gəlinir” kimi yazılması tövsiyə edilir.

Səhifə 12-də “Onların sayı heyvan hüceyrələrində (amöbdə, uçan quşların

döş qəfəsi hüceyrələrində) və xüsusilə qaraciyər hüceyrələrində daha çoxdur”

cümləsinin “Onların sayı heyvan hüceyrələrində (amöbdə, uçan quşların döş əzələsi

hüceyrələrində) və xüsusilə qaraciyər hüceyrələrində daha çoxdur” kimi yazılması

daha məqsədəuyğundur.

Səhifə 13-də “Holci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində

membranla örtülmüş ayrıca cisimcikdir, oraqvarı və ya çubuqvarı formalıdır”

cümləsinin “Holci kompleksi bitki və ibtidai heyvan orqanizmlərinin hüceyrələrində

membranla örtülmüş ayrıca cisimcikdir, oraqvarı və ya çubuqvarı formalıdır” kimi

yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Lizosomlarda zülalları, nuklein turşularını,

polisaxaridləri, lipidləri və s. maddələri parçalaya bilən 30-dan çox ferment var”

cümləsində “30-dan çox ferment” ifadəsi qeyri-dəqiqdir. Bu sayın verilməməsi

tövsiyə edilir.

Səhifə 15-də “Qırışlar qran adlanır” cümləsinin “Qırışlar tilakoid, qırışlar

dəsti isə qran adlanır” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Hüceyrələrdə olan xromosomların cəmi – xromosom

yığımı adlanır” cümləsinin “Hüceyrə nüvəsində olan xromosomların cəmi –

xromosom yığımı adlanır” kimi yazılması tövsiyə edilir.

Səhifə 19-da “Bakteriyalar (yun. “bakterion” – çöpcük), çox kiçik

(uzunluğu 1-10 mkm), sadə quruluşlu orqanizmlərdir” cümləsinin

“Bakteriyaların (yun. “bakterion – çöpcük), əksəriyyəti çox kiçik (uzunluğu

1-10 mkm), sadə quruluşlu orqanizmlərdir” kimi yazılması daha məqsədəuyğundur.

Yenə həmin səhifədə “Qılafın altında sitoplazmaya möhkəm yapışmış

plazmatik membran var” cümləsinin “Qılafın üst qatı olan hüceyrə divarının

6

altında sitoplazmaya möhkəm yapışmış plazmatik membran var” kimi yazılması daha

məqsədəuyğundur.

Yenə həmin səhifədə “Əlverişsiz şəraitdə bakteriyalar spor halına keçir”

cümləsinin “Əlverişsiz şəraitdə bəzi bakteriyalar spor halına keçir” kimi yazılması

daha məqsədəuyğundur.

Səhifə 21-də cədvəldə “Kimyəvi elementin çəkisi, %-lə” ifadəsi “Kimyəvi

elementin kütlə payı, %-lə” kimi yazılmalıdır.

Səhifə 22-də “Bunlardan dəmir ionu qanda hemoqlobinin, maqnezium

xlorofilin ...” cümləsinin “Bunlardan dəmir (Fe2+

) qanda hemoqlobinin, maqnezium

(Mg2+

) xlorofilin ...” kimi yazılması daha məqsədəuyğundur.

Yenə həmin səhifədə “Bu hüceyrədə olan zəif turşu anionlarının (HCO3-,

HPO42-

) və zəif turşuların (H2CO3) özlərinə hidrogen ionlarını birləşdirməsi və

verməsi nəticəsində mümkün olur” cümləsinin “Bu, hüceyrədə olan zəif turşu

anionlarının (HCO3-, HPO4

2-) hidrogen ionlarını birləşdirməsi və verməsi, zəif

turşuların (H2CO3) isə hidrogen ionlarını ayırması hesabına mümkün olur” kimi

yazılması daha məqsədəuyğundur.

Yenə həmin səhifədə “Əksər maddələrin molekullarından fərqli olaraq

zülalların çox nəhəng molekul kütlələri var. Məsələn, insulinin mol kütləsi

6000 q/m, yumurta zülalı albuminin mol kütləsi 36000 q/m-dur. Spirtin mol

kütləsi 46 q/m, qlükozanın mol kütləsi 180 q/m-dur. Zülallar makromolekullar

(yun. “makros” – böyük, nəhəng) adlanır” fikri “Əksər maddələrin

molekullarından fərqli olaraq zülalların molekul kütlələri çox böyükdür. Məsələn,

insulinin molyar kütləsi 6000 q/mol, yumurta zülalı albuminin molyar kütləsi

36000 q/mol-dur. Etil spirtinin molyar kütləsi 46 q/mol, qlükozanın molyar kütləsi

180-q/mol-dur. Zülal molekulları makromolekullar (yun. “makros” – böyük, nəhəng)

adlanır” kimi yazılmalıdır.

Səhifə 23-də “Zülal molekulunun tərkibində təxminən 20-yə qədər

aminturşu olduğu müəyyənləşdirilmişdir” cümləsinin “Zülal molekulunun

tərkibində təxminən 20 növə qədər aminturşu olduğu müəyyənləşdirilmişdir” kimi

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Bitki, heyvan və mikroorqanizmlərdən 150-dən çox

aminturşu alınmışdır. Zülallarda birləşmiş olan 20 aminturşuya “sehirli”

aminturşular deyilir” fikri “Bitki, heyvan və mikroorqanizmlərdən 150 növdən çox

7

aminturşu alınmışdır. Zülallarda birləşmiş olan 20 növ aminturşuya “sehirli”

aminturşular deyilir” kimi yazılmalıdır.

Səhifə 23-də “Bu zaman bir mol su alınır, sonra aminturşu qalıqları

bir-birilə birləşir” cümləsi “Bu zaman bir molekul su alınır, sonra aminturşu

qalıqları bir-birilə birləşir” kimi yazılmalıdır.

Səhifə 24-də “Hesablanılmışdır ki, molekul kütləsi 34000 olan zülalda 300-ə

qədər aminturşu halqası (bir amin turşusu halqasının molekul kütləsi orta

hesabla 110 qəbul olunur) iştirak edir” cümləsi “Hesablanılmışdır ki, nisbi molekul

kütləsi 34000 olan zülalda 300-ə qədər aminturşu halqası (bir amin turşusu

halqasının nisbi molekul kütləsi orta hesabla 110 qəbul olunur) iştirak edir” kimi

yazılmalıdır.

Səhifə 26-da “Mis 2-sulfat duzunun məhlulu ilə zülallar bənövşəyi, nitrat

turşusu ilə sarı rəngə boyanır” cümləsi “Zülal məhluluna əvvəlcə mis (II) sulfat

məhlulu, sonra isə natrium-hidroksid məhlulu əlavə edildikdə məhlul qırmızı-

bənövşəyi rəngə boyanır. Zülallar qatı nitrat turşusu ilə sarı rəngli birləşmələr əmələ

gətirir” kimi yazılmalıdır.

Səhifə 27-də “Məsələn, katalaza fermentinin molekul kütləsi 250000 q/mol

olmasına baxmayaraq, molekul kütləsi kiçik (34) olan hidrogen-peroksid (H2O2)

molekulunu parçalayır” cümləsi “Məsələn, katalaza fermentinin molyar kütləsi

250000 q/mol olmasına baxmayaraq, nisbi molekul kütləsi kiçik (34) olan

hidrogen-peroksid (H2O2) molekulunu parçalayır” kimi yazılmalıdır.

Səhifə 28-də “Karbohidratları iki qrupa ayırırlar: sadə və mürəkkəb

karbohidratlar. Sadə karbohidratlara – monosaxaridlər, mürəkkəb

karbohidratlara – polisaxaridlər deyilir” fikrinin “Karbohidratları üç qrupa

ayırırlar: monosaxaridlər, disaxaridlər və polisaxaridlər” kimi yazılması tövsiyə

edilir.

Yenə həmin səhifədə “Disaxarid (saxaroza) məişətdə işlətdiyimiz adi

qənddir” cümləsinin “Məişətdə işlətdiyimiz adi qənd (saxaroza) disaxaridlərə

misaldır” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Bu zaman karbon qazı (CO2) və su (H2O) əmələ gəlir,

sərbəst enerji ayrılır. 1q karbohidratın (qlükozanın) parçalanmasından 17,6 kC

enerji azad olur” cümləsi “Karbohidratların tam parçalanmasından karbon qazı

(CO2) və su (H2O) əmələ gəlir. 1 q karbohidratın tam parçalanmasından 17,6 kC

enerji azad olur” kimi yazılmalıdır.

8

Səhifə 28-29-da “Lipidlər – irimolekullu yağ turşuları ilə spirtlərin

birləşməsindən əmələ gəlir. Hüceyrədə rast gəlinən lipidlərə lesitin, xolesterin və

s. misal ola bilər” Burada, xolesterinin lipidlərə aid edilməsi fikri düzgün deyil.

Çünki xolesterin maddəsinin tərkibində yağ turşusu yoxdur və kimyəvi baxımdan bu

maddə spirtlərə aiddir.

Səhifə 29-da “Bu zaman 1 q yağın parçalanmasından orqanizmdə 38,9 kC

enerji ayrılır” cümləsinin “Bu zaman 1 q yağın tam parçalanmasından orqanizmdə

38,9 kC enerji ayrılır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 30-da “Nisbətlərinə görə: A=T, S=Q” əvəzinə “Saylarına görə: A=T,

S=Q” yazılmalıdır.

Yenə həmin səhifədə “Sonra bir mol su ayrılır və bir nukleotidin

dezoksiribozası ilə qonşu nukleotidin fosfat turşusunun qalığı arasında oksigen

atomu vasitəsilə kovalent rabitə yaranır. Beləliklə, bir polinukleotid zənciri

bir-birilə birləşir” fikrinin “Sonra bir mol su ayrılır və bir nukleotidin

dezoksiribozası ilə qonşu nukleotidin fosfat turşusunun qalığı arasında oksigen atomu

vasitəsilə kovalent rabitə yaranır və bu zaman bir su molekulu ayrılır. Beləliklə, bu

prinsip əsasında DNT-nin bir polinukleotid zənciri əmələ gəlir” kimi yazılması daha

məqsədəuyğundur.

Səhifə 32-də r-RNT haqqında məlumat çox səthidir. Buraya “r-RNT hüceyrədə

digər RNT-lərə (m-RNT və n-RNT) nisbətən ən çox rast gəlinir (85%). O, ribosomun

tərkibinə daxildir. Struktur funksiya yerinə yetirir. Eyni zamanda ribosomun aktiv

mərkəzinin formalaşmasında iştirak edir” fikrinin əlavə olunması tövsiyə edilir.

Yenə həmin səhifədə “Əvvəlcə DNT zənciri açılır, sonra onun ikiqat zənciri

dezoksiribonukleaza fermentinin təsiri ilə istənilən ucdan aralanmağa başlayır

və iki müstəqil zəncir əmələ gəlir” fikri düzgün deyil. Birincisi, DNT-nin ikiqat

zənciri topoizomeraza fermentinin təsiri altında açılır. İkincisi, DNT açılandan sonra

zəncirlər hidrogen rabitələri kəsən xelikaza fermentinin təsiri ilə bir-birindən aralanır.

Üçüncüsü, DNT zəncirləri DNT-polimeraza fermentinin köməyi ilə sintez olunur.

Dördüncüsü, dezoksiribonukleaza fermenti DNT-ni hidroliz edərək nukleotidlər

halına salır və beləliklə, onun redublikasiyasında (ikiləşməsində) heç cür iştirak edə

bilmir.

Səhifə 36-da “C6H12O6+2ADF+2H3PO4→2C3H6O3+2ATF+2H2O+200 kC”

reaksiyası “C6H12O6+2ADF+2H3PO4→2C3H6O3+2ATF+2H2O” kimi yazılmalıdır.

9

Yenə həmin səhifədə “Əvvəlcə qlikolizdə əmələ gəlmiş süd turşusu

fermentlərin təsiri altında su ilə birləşir:

C3H6O3+3H2O→3 CO2 + 12H0” fikrinin “Əvvəlcə qlikolizdə əmələ gəlmiş süd

turşusu fermentlərin təsiri altında suyun iştirakı ilə parçalanmaya məruz qalır:

C3H6O3 + 3H2O→3 CO2 + 12H” kimi yazılması tövsiyə edilir.

Səhifə 37-də “2C3H6O3+6O2+36ADF+36H3PO4→36ATF+6CO2+42H2O+

+2600 kC Qlikolizdən fərqli olaraq ayrılan enerjinin 55%-i hüceyrədə ATF

formasında saxlanılır, 45 %-i isə istilik halında səpələnir. Ümumiyyətlə, son

nəticədə qlikoliz və oksigenli parçalanma nəticəsində 2+36=38 molekul ATF

sintez olunur və 38 x 40 = 1520 kC enerji ATF-də toplanır. Qlükozanın tam

parçalanmasının yekun tənliyi belədir:

C6H12O6+6O2+38ADF+38H3PO4→38ATF+6CO2+44H2O+2800 kC” fikri

“2C3H6O3+6O2+36ADF+36H3PO4→36ATF+6CO2+42H2O Bu zaman 2600 kC

enerji ayrılır. Qlikolizdən fərqli olaraq ayrılan enerjinin təqribən 55%-i hüceyrədə

ATF formasında saxlanılır, təqribən 45 %-i isə istilik halında səpələnir.

Ümumiyyətlə, son nəticədə qlikoliz və oksigenli parçalanma nəticəsində 2+36=38

mol ATF sintez olunur və 38 x 40 =1520 kC enerji ATF-də toplanır. Qlükozanın tam

parçalanmasının yekun tənliyi belədir:

C6H12O6+6O2+38ADF+38H3PO4 38ATF+6CO2+44H2O Bu zaman cəmi

2800 kC enerji ayrılır” kimi yazılmalıdır.

Səhifə 39-da “Bu da 20 aminturşunu kodlaşdırmaq üçün kifayətdir”

cümləsi “Bu da 20 növ aminturşunu kodlaşdırmaq üçün kifayətdir” kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Yalnız üç triplet UAA, UAQ və UQA heç bir

aminturşunu kodlasdırmır” cümləsinin “Eukariot orqanizmlərdə yalnız üç triplet-

UAA, UAQ və UQA heç bir aminturşunu kodlaşdırmır” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 40-da “n-RNT-nin sayı 20-dən az deyildir” cümləsinin “Aminturşuları

daşıması baxımından n-RNT-nin növ sayı 20-dən az deyildir” kimi yazılması daha

məqsədəuyğundur.

Səhifə 41-də “Sintez olunan aminturşuların ardıcıllığı m-RNT

molekullarında olan triplet ardıcıllığına uyğun düzülür” cümləsinin “Sintez

olunan zülalda aminturşuların ardıcıllığı m-RNT molekullarında olan triplet

ardıcıllığına uyğun düzülür” kimi yazılması məqsədəuyğundur.

10

Səhifə 44-də “ADF + F 3 4H PO ATF” əvəzinə “ADF + H3PO4ATF +

+H2O” yazılmalıdır.

Yenə həmin səhifədə “Membranın xarici tərəfində mənfi yüklü elektronlar

e– ,

daxilində isə müsbət yüklü H

+ elektronlar toplanır” cümləsinin “Membranın

xarici tərəfində mənfi yüklü elektronlar e–, daxilində isə müsbət yüklü H

+ protonlar

toplanır” kimi yazılması tövsiyə edilir.

Səhifə 45-də “Beləliklə, fotosintezin işıq mərhələsində molekulyar oksigen

əmələ gəlir, ATF sintez olur, hidrogen atomu və “OH” radikalı əmələ gəlir, işıq

mərhələsi sona çatır” cümləsinin “Beləliklə, fotosintezin işıq mərhələsində

molekulyar oksigen əmələ gəlir, ATF sintez olunur, hidrogen atomu əmələ gəlir və

işıq mərhələsi sona çatır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 49-da xromatidlərin sentromerlə profazada birləşməsi barədə məlumat

verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə metafazada bölünmə vətərinin əmələ gəlməsinin başa

çatması barədə məlumat verilməsi tövsiyə edilir.

Səhifə 53-54-də “Çoxalmış hüceyrələr böyümə zonasına daxil olur. Bu

zaman çoxalma dayanır, ilkin cinsiyyət hüceyrələri sürətlə böyüyür.

Spermatozoidlərə nisbətən yumurtahüceyrə daha çox böyüyür” cümləsində

böyümə zonasında spermatozoid və yumurtahüceyrənin olması səhv fikirdir.

Buradakılar ilkin cinsiyyət hüceyrələridir.

Səhifə 61-də “Ümumiyyətlə, ektodermadan: sinir sistemi, hiss orqanları,

dəri və dəri törəmələri (tük, lələklər, dırnaqlar, buynuz və s.), dişin mina qatı,

ağız, burun, anal dəliyi, qaraciyərin, ağciyərin və mədəaltı vəzi epitelisi əmələ

gəlir” cümləsi “Ümumiyyətlə, ektodermadan sinir toxuması, hiss orqanlarının

reseptor və sinir hissəsi, dərinin epidermisi və dəri törəmələri (tük, lələklər,

dırnaqlar, buynuz və s.), dişin mina qatı, ağız, burun, və anal dəliyinin epiteliləri

əmələ gəlir” kimi yazılmalıdır. Qaraciyərin, ağciyərin və mədəaltı vəzinin epitelisi isə

endoderma mənşəlidir.

Yenə həmin səhifədə xordanın mənşəyi ətraflı izah edilməmişdir.

Səhifə 66-da koaservasiya prosesinin mahiyyəti aydın göstərilməyib. Bu

hadisənin “Koaservasiya hadisəsi ondan ibarətdir ki, bəzi şəraitdə məsələn,

elektrolitlərin iştirakı ilə yüksək molekullu maddələr məhluldan çöküntü halında

deyil, daha yüksək qatılığa malik koaservat məhlul halında ayrılır” kimi izah

edilməsi tövsiyə edilir.

11

Səhifə 68-də “Yerin geoxronoloji cədvəli iki yerə bölünür” cümləsinin “Yerin

geoxronoloji cədvəli üç yerə (eona) bölünür” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Arxey (yun.“arxeos”-qədim) ən qədim era olub

3,5 mlrd. il əvvəl yaranmış, 1 mlrd. il davam etmişdir” cümləsində arxeyin ən

qədim era kimi götürülməsi düzgün deyil. Cədvəldə isə düzgün olaraq ən qədim era

katarxey göstərilmişdir.

Yenə həmin səhifədə “Beləliklə, Arxeydə böyük aromorfozlar olan: nüvəli

(eukariot) hüceyrələr, cinsiyyətli çoxalma, fotosintez və çoxhüceyrəlilik əmələ

gəldi” cümləsi düzgün deyil. Əslində, bitkilərdə çoxhüceyrəlilik proterozoy erasının

axırında əmələ gəlib. Heyvanlarda isə çoxhüceyrəlilik proterozoy erasının ortalarında

əmələ gəlmişdir.

Yenə həmin səhifədə “Fotosintezin yaranması ilə əlaqədar canlılar: bitki və

heyvanlara ayrıldı” cümləsi düzgün deyil. Fotosintezin yaranması ilə əlaqədar

qırmızı, yaşıl bakteriyalar və sianobakteriyalar – fototrof bakteriyalar əmələ

gəlmişdir.

Səhifə 67, 70, 73 və s-də aromorfoz termininin adı çəkilir, lakin bu anlayışın

açıqlanması növbəti fəsildə verilir. Aromorfoz termininin mənasının əvvəlki

səhifələrdə verilməsi məqsədəuyğundur.

Səhifə 78-də “Linney sistematikaya onun sələfləri (Con Rey, A. Çezalpino)

tərəfindən təklif edilmiş latın sözləri ilə binominal nomenklatura, yəni hər bir

növə, cinsə, dəstə və sinfə ikiqat ad vermək prinsipini daxil etdi” cümləsinin

“Linney sistematikaya onun sələfləri (Con Rey, A. Çezalpino) tərəfindən təklif edilmiş

latın sözləri ilə binominal nomenklatura, yəni hər bir növə ikiqat ad vermək

prinsipini elmə daxil etdi” kimi verilməsi tövsiyə edilir. Burada göstərmək lazımdır

ki, K. Linneyin sistematikasında 4 təsnifat vahidi (növ, cins, dəstə və sinif)

verilmişdir.

Səhifə 109-110-da “Mimikriya”, “Qoruyucu rəng”, “Xəbərdarlıqedici rəng”

ayrı-ayrı yarımbaşlıqlar kimi verilmişdir. Əslində isə bu anlayışların üçü də qoruyucu

rənglərdir. Bu anlayışların ümumi şəkildə, “Qoruyucu rənglər: mimikriya,

xəbərdarlıqedici rəng (mühitə uyğun)” kimi yazılması tövsiyə edilir.

Səhifə 118-də şəkil 81-ə əsasən eohippus, hipparion bilavasitə müasir atın

əcdadlarıdır. Lakin onlar kor şaxələrdir, əcdad hesab oluna bilməz.

12

2. Dil və yazı üslubu baxımından

Dərslikdə nəzərdə tutulmuş materialların dili sadə və başadüşüləndir.

Mətnlərdəki fikirlərin ifadə tərzi şagirdlərin yaş xüsusiyyətlərinə uyğundur. Yeni

termin və sözlərin izahları verilib. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara əməl

olunub.

Səhifə 55-də “rediksion” sözü əvəzinə “reduksion” yazılmalıdır.

Səhifə 118-də “V.O. Kovolevski” əvəzinə “V.O. Kovalevski” yazılmalıdır.

3. Dizayn və bədii tərtibat baxımından

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər

müvafiq yaş qrupuna uyğundur. Mövzularda istifadə olunan şəkil, sxem və cədvəllər

mövzunu tam əhatə edir.

Səhifə 14-də şəkil 13-də “mikroborucuqlar” həm də “hüceyrə mərkəzi”

adlandırılıb. Buna düzəliş edilməsi tövsiyə edilir.

Səhifə 50-də şəkil 32-də profaza mərhələsində hüceyrə mərkəzinin bir

sentrioldan, metafaza və başqa fazalarda isə iki sentrioldan təşkil olunması göstərilir.

Elə başa düşülür ki, sentriolların ikiləşməsi profazada baş verir. Əslində isə onların

ikiləşməsi adətən interfaza mərhələsinə (G1 və S fazaların arasında) düşür.

Dərslikdəki bir çox şəkillər ( məsələn, səh. 43, şəkil 28) keyfiyyətsiz olub

şagirdlər üçün əyani deyil.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Dərslikdə verilmiş sual və tapşırıqlar biliklərin tətbiqinə və mövzunun

möhkəmləndirilməsinə yönəlmişdir.

5. Digər dərsliklə (Ümumi biologiya 10-cu sinif

T. Mikayılov və b.) olan fərqlər baxımından

Səhifə 10-da “Sitoplazma və onun orqanoidləri” mövzusuna vakuol haqqında

məlumatın daxil edilməsi tövsiyə edilir. Bu haqda məlumat digər dərslikdə ətraflı

verilib.

13

Səhifə 11-də “Ribosomların böyük və kiçik hissəcikləri nüvədə əmələ gəlir,

ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir” cümləsində ribosomun ölçüsü digər

dərslikdə “15-35 nm” göstərilib. Bu rəqəmlərin dəqiqləşdirilməsi tövsiyə edilir.

Səhifə 118-də şəkil 81-də atın təkamülü eohippusdan başlayır. Digər dərslikdə

olduğu kimi atın təkamülünün fenakodusdan başlamağı tövsiyə edilir.

Nəticə

1. Dərslik tədris proqramındakı mövzuları tam əhatə edib, verilmiş məlumatlar

elmi-metodiki baxımdan dəqiq ifadə edilib.

2. Mövzular elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib

olunub.

3. Dərslikdəki materiallar fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına

imkan verir.

4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara da rast gəlinir.